Loading...

Gələcəyin Texnologiyası: Metaverse nədir?

Qəndab Həsənova Author
25 May, 2022 icon-read 2430 oxunma

Gələcəyin Texnologiyası: Metaverse nədir?

 

“Metaverse” sözünə ilk dəfə Neal Stephensonun 1992-ci ildə yazdığı “Snow Crash” adlı elmi fantastika romanında rastlanmışdır. Neal Stephenson bu sözü avatarların yaşadığı bir kainatı adlandırmaq üçün istifadə etmişdi. Keçən 30 il ərzində Metaverse kəliməsi ilə o qədər də rastlaşmasaq da, Mark Zukerber “Facebook” şirkətinin korporativ adının “Meta” olacağını açıqladıqdan sonra yenidən gündəmə gəlməsinə səbəb oldu.

 

 

Metaverse nədir?

 

Metaverse, daha doğrusu Meta-universe insanların sosiallaşması və orada vaxt keçirməsi üçün artırılmış reallıq və virtual reallığın bir arada yaşanacağı bir kainatdır.

 

Metaverse-də edə biləcəkləriniz gerçək dünyada edə biləcəklərinizlə məhdudlaşmır. Bu kainatda vəd edilən fərqli bir insan kimi mövcud ola biləcəyiniz, arzularınızı reallaşdıra və pul qazana biləcəyiniz bir mühitdir. Hələlik bunun necə baş verəcəyini dəqiq bilmirik. Çünki hazırda Metaverse haqqında danışdığımız hər şey proqnozlar və xəyallardan ibarətdir. Metaverse-in indi necə olacağını təsəvvür etmək 90-cı illərdə internetin necə olduğunu təsəvvür etmək kimidir. İnternet ilk dəfə çıxdığı zamanlar yalnız mətn səhifələri var idi və heç kim internetin indiki halına gələcəyini təsəvvür belə edə bilməzdi. Hazırda isə naviqasiyadan tutmuş film izləməyə, musiqi dinləməkdən pul köçürməsinə, təhsildən bank əməliyyatlarına qədər hər şeyi internet vasitəsi ilə edə bilirik. Metaverse-in gələcəyi belə açıq və hüdudsuzdur. Burada bilməliyik ki, Metaverse özü-özlüyündə oyun və ya proqram deyil. iPhone, Google, Instagram və ya Web2 tək internet olmadığı kimi, Metaverse də tək başına virtual reallıq, NFT, OVR və ya Sandbox deyil. Metaverse, NFT, Web3, ağıllı qolbaqlar,  VR eynəkləri və daha bir çox ixtira edilməmiş cihaz və proqram təminatının birləşməsindən formalaşacaq çox böyük bir kainatdır.

Metaverse həyatımızı necə dəyişəcək?

 

Metaverse kainatın fiziki sərhədləri olmayacağına görə təsəvvür edə bildiyimizdən daha çox şeylər edə biləcəyik. Məsələn, hər yerə teleportasiya ilə gedəcəyik. Avatarlarımıza istənilən görünüşü verə biləcəyik, hətta onların insan ölçülərində və formasında olmaq kimi məhdudiyyətləri də olmayacaq. Bəlkə pişik şəklində bir avatarınızın olmasını istərdiniz, niyə də olmasın?:)

 

Metaverse həyatımıza daxil olanda əyləncə formaları da öz şəklini dəyişəcək. Müəllim və ya məktəblər dərsləri tamamilə Metaverse-ə köçürə bilər. Beləliklə, onlar dünyanın hər yerindən tələbələri qəbul edə bilərlər. Tələbələr isə fiziki olaraq bir yerdən başqa yerə getmədən dünyanın istənilən yerində dərslərdə iştirak edə bilərlər. Bu dərslərdə siz sinifdəki digər avatarlarla dost ola, dərsdən sonra birlikdə çay və qəhvə içməyə gedə bilərsiz. Yəni universitet həyatınızı tamamilə virtual mühitdə yaşaya bilərsiniz. Təbii ki, bunar sadəcə kiçik nümunələrdir.

 

 

 

Metaverse-ə necə keçid edə bilərik?

 

Hazırda bəzi Metaverse proqramlarına kompüterlərimiz və ya mobil telefonlarımız vasitəsilə daxil ola bilirik. Bəzi Metaverse proqramlarına daxil olmaq üçün isə virtual reallıq headset-lərindən istifadə etməliyik. Düşünürəm ki, bu gün əlimizdə olan cihazlar hələ də çox bəsitdir və Metaverse üçün başlanğıc səviyyəsindədir. Ola bilsin ki, gələcəkdə eynəklər, qulaqlıqlar və qolbaqlar xeyli kiçilib, funksiyaları artsın. “Black Mirror” serialındakı kimi çipə bənzər cihazların yaranması da artıq uzaq gələcək kimi görsənmir.

Multiverse və ya Mutli-Metaverse nədir?

 

Metaverse həyatımıza girdikdən sonra yalnız Metaverse üçün dizayn hazırlayan qrafik dizaynerlər, sadəcə Metaverse proqramları yazan proqramçılar və ya şirkətlər, yalnız Metaverse-də tanınan məşhurlar olacaq. Metaverse-də istifadə edilmək üçün hazırda həyatımızda olmayan virtual reallıq eynəkləri, qolbaqlar və müxtəlif cihazlar istehsal edən şirkətlər olacaq. Ola bilsin ki, təhsil müəssisələri yalnız Metaverse üzərindən dərs keçsin. Çünki Metaverse oyunlar, tədbirlər, proqramlar, əyləncə, istehlak və ağlınıza gələn hər şeyi ehtiva edən nəhəng bir dünya və nəhəng bir iqtisadiyyat olacaq.

 

Beləliklə, Apple və Google kimi böyük texnologiya şirkətlərinin bu dünyaya girməyə hazırlaşdığını təxmin etmək çətin deyil. Artıq Google illər əvvəl ağıllı eynəklər istehsal etməyə başlamışdı, sonra isə yetərli səviyyədə olmadığını düşünərək istehsalı dayandırmışdı. Onun nə vaxt bazara çıxacağını hələ bilməsək də, Google bu texnologiya üzərində işləməyə davam edir. Digər tərəfdən, Apple-ın çox yaxında virtual reallıq eynəklərini istehsal edəcəyi ilə bağlı söyləntilər də var. Apple öz virtual reallıq eynəklərini buraxdıqda, öz Metaverse-ni də qurmuş olacaq əslində.

 

Bu halda Mutliverse, yəni bir Metaverse deyil, birdən çox Metaverse haqqında danışmalı olacağıq. Yəni Apple-ın quracağı virtual kainat, Google-un quracağı virtual kainat, bəlkə də başqa firmaların quracağı başqa virtual kainatlar olacaq. Başqa sözlə, bir Metaverse yox, Multiverse və ya Multi-Metaverse olacaq.

 

 

 

Lakin hələ vaxtımız var. İlk dəfə olaraq bir yenilik tam tətbiq edilmədən öncə bizə zaman tanınıb. Beləliklə, bu vaxtı öyrənməyə sərf edərək proqramlaşdırma, qrafik dizayn, 3D modelləşdirmə, süni intellekt haqqında biliklərə yiyələnərək yeniliklərdən xəbərdar ola və işimizdə tətbiq edə bilərik. Dünya dəyişir və bu zaman dilimində izləyici olmaq istəmirsizsə mütləq özünüzü inkişaf etdirməli və dəyişimlərə ayaq uydurmalısınız. Çünki,

 

 "Bütün cavabları bildiyini düşünəndə suallar dəyişir." Paulo Coelho