Hansı proqramlaşdırma dilini öyrənim?

İstər karyera üçün, istərsə də maraq üçün bir proqlaşdırma dili öyrənmək arzusuna düşən insanın ilk sualı bu olur ki, hansı dildən başlayım? Doğrudan da, hansı proqramlaşdırma dilinin daha yaxşı olduğunu demək olduqca çətindir. 

Lakin mütəxəssislər bildirir ki, bu gün proqramlaşdırmaya təzə başlayanlar üçün ideal seçim Python dilidir.


Python  proqramlaşdırma dili artıq 24 ildir mövcud olsa da, son dövrlərdə olduqca populyarlıq qazanıb. Məsələn, Python Google-da istifadə olunan rəsmi proqramlaşdırma dillərindən biridir, YouTube saytında Python-dan olduqca geniş istifadə edilir. MIT(Massaçusets Texnologiya İnstitutu) və NASA-da belə Python-dan istifadə edilir. Hazırda dünyanın ən yaxşı 4-cü proqramlaşdırma dili hesab edilir. Şəkil 1. Proqramlaşdırma dilləri üzrə iş elanları

Python-dan bu cür istifadə edilməsinin başlıca səbəblərindən biri digər proqramlaşdırma dillərinə nisbətən daha sadə olmasıdır.

Belə ki,  bu dil digər mürəkkəb dillərdən daha sadə quruluşa  sahibdir ki, bu da proqramlaşdırmanı yeni öyrənməyə başlayan insanın hansısa ifadələri əzbərləməyə yox, proqramlaşdırmanın məntiqi əsasını anlamağa vaxt ayırmasına kömək edir.

Burada istədiyiniz proqramı daha az sətir istifadə etməklə yaza bilərsiniz. Bu cür sadə və rahat oxunula bilinən olması onun başlanğıc üçün  ən yaxşı  seçimlərdən biri edir.

Python bir sıra ölkələrdə, həmçinin Azərbaycanda  orta məktəblərdə tədris edilir.

Python-dan bütün əməliyyat sistemlərində istifadə etmək mümkündür. Ondan digər proqramlaşdırma dilləri ilə qarşılıq əlaqadə, hətta veb-kodlaşdırmada da  istifadə etmək olar.  Həmçinin  elmi tədqiqatlar, statistik hesablamalar, “web-crawling”(veb-saytdakı məlumatların avtomatik yüklənməsi) və s. məqsədlər üçün rahatlıqla istifadə etmək olar.

Python-la bağlı digər müsbət məqam internetdə böyük Python icmalarının olmasıdır. Buralarda geniş, pulsuz tədris materialları tapmaq, dili yeni öyrənən və təcrübəli proqramçılarla fikir mübadiləsi etmək mümkündür.

Əgər proqramlaşdırma dili öyrənmək arzusundasınızsa, Python öyrənəcəyiniz ilk proqramlaşdırma dili ola bilər. Murad Məmmədzadə

341 görüntüleme
Atatürk prospekti 19, Elektron Hökümət 1-ci mərtəbə  |   Tel +994 12 511 93 93  |   Mobil: +994 50 991 20 02